"Hidrometeorologiya sahəsində texnoloji bilikli gənc kadrlara ehtiyac var".

Unikal.org-un məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı və Cəbrayıl rayonlarına təşkil etdiyi mediatur çərçivədində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ETSN-in hidrometeorologiya sahəsinin modernləşdirilməsinə, ən müasir texnologiyaların tətbiqinə ehtiyac var: "İstər atmosferdə baş verən dəyişiklikləri izləyən ən müasir dopler radarlarından istifadə, istərsə də, yaxın gələcəkdə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması yeni biliklərə malik olan gənc mütəxəssislərin bizim sahəyə gəlməsinin vacibliyini artırır. Kadr potensialının artırılmasına yönələn işlərin görülməsi prioritet təşkil edir. Həm Türkiyə, həm də Avropa İttifaqı və BMT-in dəstəyi ilə müxtəlif layihələr çərçivəsində mütəmadi şəkildə təlimlər keçiriləcək. Rəqəmli modellərin təqbiqi hidrometeoroloqlarla bərabər fizika, riyyaziyyat və İT sahəsində bilikləri olan mütəxəssislərin fəaliyyət göstərməsini şərtləndirir".

"Ümid edirik ki, gənclərin hidrometeorologiya sahəsinə yönəlməsini təmin edə biləcəyik", - U.Tağıyeva bildirib.