Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org-un məlumatına görə, prosesdə təqdimat təmin edilib və məhkəmə qərarı elan edilib. Qərara əsasən, N. Zeynalovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, Dövlət Təhülkəsizliyi Xidmətinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı N. Zeynalov saxlanılıb. O Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.