Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Bu barədə Unikal.org-a Universitetin mətbuat xidmətindən məlumat verilib.

Professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olub, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirib. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olub. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilib və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olubr.

Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib, fəaliyyəti dövründə  Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi" adına layiq görülüb. 2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom alıb.

2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək "filologiya üzrə fəlsəfə doktoru" elmi adını alıb.

2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib.

2018-ci ildən indiyə qədər ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışıb.

Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib.