Son zamanlar Azərbaycanda koronavirusa yoluxma halları artır. Yoluxma hallarının artması isə hər kəsdə yenidən sərt karantin rejiminin tətbiq ediləcəyi fikrini yaradır. Ölkədə pandemiya dövrü başladıqdan etibarən yoluxma saylarının artması ilə sərt karantin rejiminin tətbiq edildiyi zamanlara nəzər salaq.

Unikal.org xəbər verir ki, Azərbaycanda COVID-19 virusuna ilk yoluxma halı 28 fevral 2020-ci il tarixində, virus səbəbindən ilk ölüm halı isə mart ayının 12-də qeydə alınıb. Yoluxma hallarının aşkarlanmasından sonra mart ayının 14-də Azərbaycanda ilk dəfə xüsusi karantin rejimi tətbiq olundu. Həmin zamanlarda isə ölkədə COVID-19-a gündəlik yoluxma sayı 100-150 səviyyəsində idi.

Həmin ilin may ayında isə yoluxma sayları minimuma endi və karantin rejimi yumşaldıldı. İyun ayında həftəsonu evdən çıxma qadağaları tətbiq edildi. İyun-İyul aylarında isə koronavirusa yoluxma sayları yenidən artdı (gündəlik 500-600 yoluxma halı) və nəticədə 5 iyul tarixində Azərbaycanda növbəti dəfə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanıldı.  Artıq avqust ayında virusa yoluxma saylarının azalması səbəbindən karantin rejimi yumşaldıldı.

Noyabr ayının 21-dən etibarən isə ölkədə bütün açıq və qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburi oldu.

Azərbaycanda növbəti sərt karantin rejimi dekabr ayının 14-də tətbiq olunub. Həmin vaxt ölkədə gündəlik 5000-ə yaxın COVID-19-a yoluxma halı aşkarlanırdı. Ümumiyyətlə, noyabr-dekabr ayları Azərbaycanda koronavirusun ən geniş yayıldığı dövr kimi yadda qalıb.

Sərt karantin rejimi fevral ayının 1-də yumşaldıldı. Həmin tarixdən ölkədə məktəblərin və daha sonra ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə əyani tədris prosesi bərpa olundu. 

Artıq ölkədə koronavirusa yoluxma sayı yenidən artıb. Son günlər Azərbaycanda gündəlik 2000-dən çox yoluxma halı aşkarlanır. Aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblərdə ənənəvi tədrisin təşkili qadağan edilib. Bağçalarda və ali təhsil müəssisələrində icazə verilən ixtisaslar üzrə əyani tədris prosesi davam edir.

Qeyd edək ki, ölkədəki pandemiya dövrünə nəzər salsaq görərik ki, sərt karantin rejimi yalnız yoluxma sayı pik həddi keçdikdən sonra tətbiq edilib. Hazırda Azərbaycanda vaksinasiya prosesi də davam edir və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə peyvənd olunanların sayı 1 milyonu ötüb.

Murad İbrahimli