“Hesabatda bir çox hallarda pozulmuş hüquqlarla bağlı dolğun cavablar və araşdırmanın nəticələrini görmürük. Məsələn, şəxs müraciət edir ki, ona işgəncə verilib, amma Ombudsman sadəcə olaraq müvafiq quruma müraciət edir ki, bu baş verib, ya yox. Həmin qurum da standart cavab veririr ki, müraciətdə göstərilən xüsusi aktlar öz təsdiqini tapmamışdır. Burada Ombudsmanın araşdırmasını görmürük. Bu statik yanaşmadır”. 

Unikal.org xəbər verir ki, bu fikirləri Ombudsmanın hesabatına münasibət bildirərkən millət vəkili Etibar Əliyev səsləndirib.

O bildirib ki, hesabata diqqət etdikdə COVİD-19- la bağlı çoxsaylı fəaliyyətin görülməsini izləmək mümkün olur. Lakin bu məlumatlar sistemsiz xarakter daşıyır: 

“Ombudsman bundan əvvəlki dövrdə məsələn, keçən ilki məruzəsində 38 təkliflə çıxış etmişdir. İndiyə qədər biz bilmirik ki, onların hansı nəzərə alınıb, hansı yox. Hesabatda göstərilir ki, 27 min məktub daxil olub, lakin bunların strukturu nədən ibarətdir? Yaxşı olardı ki, növbəti hesabatlarda bu müraciətlərin strukturu ilə bağlı əlavələr olsun. Bunların neçəsinin təmin olunmasını da görmürük. Yazılır ki, Hesabat dövründə Ombudsmanın vəsatəti ilə  702 məhkum əfv olunub. Burda deyəsən ciddi yanlışlıq var, hətta 2019-cu  ili götürsək, əfv olunanların sayı 434 nəfər olub. Sosial şəbəkələrdən Ombudsman təsisatı tərəfindən istifadəsi yüksək qiymətləndirilməlidir. Yaxşı olar ki, Ombudsman özü ildə bir dəfə ayrı-ayrı insan hüquqlarının vəziyyəti barədə canlı ünsiyyət yaratsın. Bu həm də təsisata əlçatanlığı artıra bilər”. 

Millət vəkili qeyd edib ki, Ombudsmanın hesabatda bəzi hüquqi vəziyyətlərlə bağlı məlumat verir, lakin bir sıra fundamental hüquqlar var ki, hesabatda buna rast gəlinmir: “Məsələn, Birləşmək hüququ. Hamı, o cümlədən mən də bilirəm ki, neçə illərdir ki, qanunvericilikdə baş verən məhdudlaşmalar, dəyişikliklər vətəndaş cəmiyyətinin resurslara çıxış vəziyyətini məhdudlaşdırır. Bu isə güclü vətəndaş cəmiyyətinin yaranmasına mane olur. Və bütün Beynəlxalq hesabatlarda ölkəmizi tənqid etmək üçün bəzi qərəzli təşkilatlara bəhanələr vermiş olur. Bu kimi vacib məsələlər də Ombudsmanın nə keçən ilki, nə də indiki hesabatında əksini tapmır. Ombudsman haqqında qanuna görə səhv etmirəmsə 13-cü maddə Ombudsman ayrı-ayrı məmurlar tərəfindən pozulmuş hüquq və azadlıqlarla bağlı buna məsuliyyət daşıyan şəxslər barəsində intizam xarakterli tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər barəsində  təqdimat verə bilər. Lakin nə keçən il, nə də bu il barəsində təqdimat verilmiş şəxslərin adlarına rast gəlmirik. Halbuki Möhtərəm cənab prezident İlham Əliyev məmur özbaşınalığı ilə bağlı kifayət qədər danışıb. Düşünürəm ki, Ombudsman Milli Məclisdəki deputatların çıxışını nəzərə alıb, növbəti illərdə daha sanballı hesabatlar hazırlayacaq”.

Orxan Həsənli