"Qardaşım 2001-ci ildən 2018-ci ilədək Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, həmçinin aparat rəhbəri kimi fəaliyyət göstərib. 2018-ci ildə rəhbərlik dəyişəndə işdən öz ərizəsi ilə azad olunub. O, artıq dünən həbs edildi"

Bunu Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Unikal.org-la əlaqə saxlayaraq bildirib.

Onun sözlərinə görə, indiyədək qardaşı barəsində istintaq işi aparılmayıb:

"Yalnız bir dəfə 2018-ci ildə izahat alındı, qurtardı.

İşlə bağlı appelyasiya şikayəti verəcəm. Mən qardaşımı şərəfli və ləyaqətli bir insan kimi tanımışam. O, dövlətinə və xalqına şərəflə xidmət edib.

Qardaşım 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Ulu Öndərin müdaxiləsindən sonra qardaşım azadlığa buraxılıb. 

Mən demirəm ki, qardaşımın həbs edilməsi birbaşa Hacıbala Abutalıbovla bağlıdır. Mən əminəm ki, cavabdeh şəxslər gec-tez üzə çıxarılacaq və cəzalandırılacaq. Qardaşım işlədiyi dövrdə rüşvət almayıb. 

Mən konkret olaraq deyim ki, Rasim Quliyevi yaxından tanıyanlar bilir ki, o, çox təmiz bir insandır. 

Bu hadisələr baş verəndə qardaşım hədəf kimi seçilməməli idi. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq."

Murad İbrahimli