“Azərbaycanda Ombudsman təsisatının Avropadakı təsisatlarla müqayisədə səlahiyyəti azdır”.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib.

Deputat bildirib ki, bütün sahələrin bir Ombudsmana həvalə edilməsini doğru saymır:

“İnkişaf etmiş ölkələrdə sahəvi ombudsmanlar fəaliyyət göstərir. Biz sahəvi Ombudsman yanaşmasına qayıtmalıyıq. Ombudsmanın qanunvericilik təşəbbüsü hüququ olmalıdır. Çünki Ombudsmanın çox gözəl təklifləri var, ancaq bu təkliflərin çoxu havada qalacaq”.

Deputat qeyd edib ki, məruzədə təsnifat sistemsizdir: “Bərabərlik, toxunulmazlıq, birgə toplaşmaq, yaşamaq və s. hüquqlar məruzədə yoxdur. Bu dəfə heç mülkiyyət hüququ da məruzədə yer almayıb. Ötən məruzədə var idi”.

Deputat Əli Hüseynli cavabında bildirib ki, sahəvi ombudsmanla bağlı Konstitusiya qanunu əvvəllər Milli Məclisdə qəbul olunub: “Bu, informasiya Ombudsmanı ilə bağlı idi. Hesab edirəm ki, Ombudsman institutunun institusional gücü onun nəzarət funksiyasında deyil. Artıq 2002-ci ildə Ombudsman təsisatı mövcud idi. Yenidən fərqli sahələrlə bağlı (informasiya, pentensiar) Ombudsmanın yaradılmasına ehtiyac duymadıq. Bunun üçün Ombudsman təsisatının aparatı genişləndirilə bilər”.