Türk Şurasının ötən gün keçirilən zirvə toplantısından sonra Avropa ölkəsi olan Macarıstanın təşkilatda rolunun artması diqqəti cəlb edir.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, stratejist Nazim Cəfərsoy Macarıstanın Türk Şurasındakı təmsilçiliyinin Türk Dünyası ölkələrinin Qərblə əlaqələrinə necə təsir edəcəyi barədə Unikal.org-a açıqlama verib.

Siyasi şərhçi qeyd edib ki, Türk Dünyasının Avropa və bütövlükdə Qərblə əlaqələrinin inkişafı və yaxınlaşması baxımından Macarıstan Türkiyə ilə yanaşı kilid ölkələrdən biridir: "Unutmaq olmaz ki, Türk Şurasının müşahidəçi statuslu üzvü olan Macarıstan həm də Avropa Birliyinin üzvüdür. Türk Dünyası coğrafiyasında Rusiya, Çin kimi böyük geopolitik iddiaları olan mərkəzlərin rəqabət imkanları baxımından Qərblə əlaqələr xüsusilə vacibdir".

Nazim Cəfərsoy gələcəkdə Macarıstanın Türk Dünyası ölkələri ilə əməkdaşlığının daha da dərinləşəcəyini vurğulayıb: "Macarıstanın prosesdə iştirakı həmçinin Türk Dünyasının mədəni və siyasi coğrafiyasının genişlənməsi deməkdir. Önümüzdəki dönəmdə Macarıstanın müşahidəçi statusdan daha yüksək statusla təmsilçiliyi real görünür. Gələcəkdə Macarıstanın vasitəçiliyi ilə Türk Şurası və Avropa Birliyi arasında ortaq dialoq platforması yaradıla bilər".

Coşqun Əli