Prezident İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verib.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğal altında qaldığını vurğulayaraq deyib: B"u işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir".

Prezident qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. “Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi”, - deyə dövlətimizin başçısı xatırladıb.

Azərbaycan Prezident deyib ki, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər.