“Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu, özlüyündə göstərir ki, Ermənistan rəhbərliyi məsələni həll etmiş hesab edirdi və torpaqları geri qaytarmaq istəmirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu, faktiki olaraq, Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Bizi hədələyən keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı”.