Somalidə müxalifət parlamentin iclas salonuna mülki geyimli silahlıların gəlməsinə və bir sıra millət vəkillərinin hakimiyyəti ələ keçirmə cəhdlərinə etiraz edərək aşağı palatanın iclasını pozub.

Unikal.org xəbər verir ki, bu barədə Somalinin “Garowe” portalı xəbər verib.

Qeyd edilir ki, parlamentdə tam xaos hökm sürüb, spiker iclası təxirə salmağa məcbur olub. Portal deputatların bir-birinin üstünə qışqıraraq və tribunaya çıxmağa çalışaraq zal üzrə qaçmalarını əks etdirən videonu paylaşıb. Müxalifət nümayəndələri bildirib ki, silahlı insanlar deputatları prezident Məhəmməd Abdullah Məhəmmədin səlahiyyətlərinin iki il müddətinə uzadılmasına səs vermələrinə məcbur etmələri üçün iclasa gəliblər. Halbuki dövlət başçısının vəzifə səlahiyyətləri fevralın 8-də başa çatıb.

“Garowe”nin məlumatına görə, parlamentin aşağı palatasının planlaşdırılmış plenar iclasından bir neçə saat əvvəl komitələrdən birinin üzvlərinin görüşü olub. Görüşdə spiker Məhəmməd Mürsəl Əbdürəhman çıxış edib. Toplantıda iştirak etmiş deputat Maxada Saladunun sözlərinə görə, spiker elan edib ki, ölkə prezidenti və regional liderlər arasında parlament, dövlət başçısı seçkiləri üzrə danışıqlar dalana dirənib və prezident Məhəmmədin, parlamentin indiki tərkibinin səlahiyyətlərinin uzadılmasına səs vermək lazımdır.