Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

***22:04

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

FHN-dən Unikal.org-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir ) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.