“30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin nəhəng bir hissəsini minalayıb. Ona görə də bu gün ən vacib vəzifə bu ərazilərin minalardan təmizlənməsidir”.

Unikal.org xəbər verir ki, bunu apa-ya müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üçün bir neçə şey vacibdir: “Bunlardan birincisi və ən önəmlisi xəritədir. Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Biz indi 10 noyabr bəyanatından üç aydan çox müddət keçdiyini görürük. Lakin xəritə ortada yoxdur. Onlar xəritələrin olmadığını iddia edirlər. Bu, anlaşılan deyil. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik. Bir də ki, erməni kəndliləri həmin minaları oraya düzməyib. Bunu erməni hərbçiləri edib. Onlar isə minaya özləri düşməmək üçün mütləq xəritəsini tərtib ediblər. Ona görə də, əminəm ki, minalanmış ərazilərin xəritəsi var”.
Rusiyalı siyasi ekspertin fikrincə, həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsi hərbi cinayətdir: “Bu gün minalanmış ərazilərin xəritələrinin verilməsi bir nömrəli siyasi vəzifə olmalıdır. İkinci vacib məqam isə, ərazilərin minadan təmizlənməsinə beynəlxalq təşkilatların qoşulmasıdır. Məsələ ondadır ki, Azərbaycan hətta Rusiya və Türkiyənin yardımı ilə bu ərazilərin minadan tam təmizlənməsinin öhdəsindən gələ bilməz. Dünyada postmünaqişə regionlarının minalardan təmizlənməsi ilə bağlı möhtəşəm beynəlxalq sistem yaradılıb. Əlbəttə ki, Azərbaycanın öz minatəmizləyən mütəxəssisləri var, Rusiya və Türkiyə minatəmizləyənləri bu məsələdə yardım göstərirlər. Lakin çox böyük minalanmış ərazi mövcuddur. Bu, yüzlərlə kvadrat kilometr ərazidir. Ona görə də beynəlxalq təşkilatların bura cəlb olunması çox önəmlidir. Buna qədər isə, Azərbaycanla Ermənistan arasında olan sülh razılaşmasını BMT Təhlükəsizlik Şurasının qərarı ilə möhkəmləndirmək vacibdir. Ərazilərin minalardan tam təmizlənməsi üçün bu zəncirvari prosesi başa çatdırmaq lazımdır”.   
​​​​​​​