Bakıda mağaza və kafelərdən oğurluq etməkdə təqsirləndirilən Zamiq Vəliyev, Namik Vəliyev və Vüsal Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org-un  əldə etdiyi məlumata görə, Səbail rayon Məhkəməsinə göndərilən iş hakim Azər Tağıyevin icraatına verilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Səbail rayonu 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1 700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlanıb.

Hadisə ilə bağlı dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6 000 manata yaxın maddi ziyan vurublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan qardaşların barəsində həbs qətiimkan tədbiri seçilib.

Famil Fərhadoğlu