Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Unikal.org xəbər verir ki, bunu Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 2020-ci il ərzində prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 171.628.342 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub:

"Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi davam etdirilərək bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə “dünyada ən islahatçı” ölkə imicini qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib".

Azərbaycanın dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatların aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, o cümlədən “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) Korrupsiya Qavrama İndeksi üzrə sonuncu hesabatında ölkəmizin 30 balla 26 pillə irəliləməsini diqqətə çatdıran Baş prokuror korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumların da əldə edilən nailiyyətləri yüksək qiymətləndirdiklərini bildirib:

"Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 62 milyon 436 min manat məbləğində ziyanın ödənilməsi təmin edilməklə 5 milyon 115 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

2020-ci il ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 47-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib".