Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə gənclərlə video-konfrans formatında görüş keçirilib. 

Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranma tarixi haqqında məlumat verib.  

YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxışında video-konfransın işinə qatılan partiyanın fəallarından olan gəncləri rayon təşkilatının yaranmasının ildönümü münasibətilə təbrik etdi, partiyanın ölkəmizin və xalqımızın həyatındakı rolundan danışdı. 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz parlaq Zəfərin ölkəmizdə yeni reallıqlar yaratdığını qeyd edən Cavid Osmanov əldə olunan uğurların Partiyamızın sədri, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi uğurlu və düşünülmüş siyasətin nəticəsi olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla özünün gücünü və imkanlarını nümayiş etdirdi, Cənubi Qafqazda lider dövlət olan Azərbaycan 44 günlük müharibədən sonra regionun həqiqətən əsl söz sahibi, təkrarsız lideri statusunu daha da gücləndirdi. İşğaldan azad edilən ərazilərdə artıq böyük quruculuq işlərinə başlanıldığını və bu işlərdə ölkə gənclərinin də üzərinə böyük vəzifələrin düşdüyünü bildirən Cavid Osmanov ağdaşlı gənclərin də həyata keçirilən tədbirlərin təbliğ edilməsində xüsusi fəallıq göstərəcəklərinə ümidvar olduğunu qeyd etdi. Hər zaman olduğu kimi yenə də anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qara piar aparmaq cəhdlərinin hələ də qaldığına diqqət çəkən Cavid Osmanov ağdaşlı gənclərin həmin dairələrə qarşı barışmaz mövqedə olmaqlarının vacibliyi haqqında da söhbət açıb.  

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli və Ağdaş rayon Gənclər və İdaman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək ağdaşlı gənclərin rayonumuzun ictimai-siyasi həyatındakı fəaliyyətindən bəhs ediblər. 

Qarşılıqlı fikir mübadiləsi şəklində  davam edən video-konfransda ağdaşlı gənclər qeyd etdilər ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. 44 günlük Vətən müharibəsi zamanı ölkədə 50-dən çox siyasi partiya iqtidarın, Ali Baş Komandanın yanında oldu, birgə bəyanat imzalandı. Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin və hər gün sosial şəbəkələrdə Okeanın o tayından hakimiyyətə şər-böhtan atan, yalan danışan Cəmil Həsənlinin sədri olduğu qondarma Milli Şuranın, əslində isə antimilli şuranın Qarabağın işğaldan azad edilməsi kimi ümummilli bir məsələdən kənarda qalmağı isə satqınlığın, fərariliyin, xainliyin isbatı və düşməni özünə dost seçdiyinin bir daha təsdiqi oldu. Onların orduya dəstəyini heç birimiz görmədik. Əksinə şahidi olduq ki, onların üzdəniraq nümayəndələri Qələbəni qeyd edən insanları təhqir etdilər. Vətən müharibəsində əldə olunan şanlı Qələbənin isə AXCP və antimilli şuraya heç bir aidiyyəti yoxdur.