Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 31–ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə yeni inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin və eləcə də I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanlarımızın ailələri iştirak ediblər.

Unikal.org xəbər verir ki, Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. Vurğulanıb  ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.
Allah şəhidlərimizi rəhmət eləsin.