“Nikol Paşinyan məğlub ölkənin baş naziri kimi qiymətləndirilir. Armen Sarkisyan özünü kənara çəkməyə cəhd edir. Guya onun bu məğlubiyyətdə heç bir rolu olmayıb”.

Bu fikirləri Unikal.org-a açıqlamasında politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib.

Siyasi şərhçi qeyd edib ki, Armen Sarkisyan Paşinyanla arasında məsafə saxlamağa çalışır: “Çünki Nikol Paşinyan məğlub ölkənin baş naziri kimi qiymətləndirilir. Armen Sarkisyan özünü kənara çəkməyə cəhd edir. Guya onun bu məğlubiyyətdə heç bir rolu olmayıb. Ona görə də son günlər Nikol Paşinyana müxalif olan müxtəlif qüvvələrin təmsilçiləri ilə görüşməyə başlayıb. Baş nazirin istefasını da istəyib. Amma Nikol Paşinyan istefa vermir. O, Ermənistan cəmiyyətinin müəyyən qisminin dəstəyinə ümidlidir. Həmin dəstək də müəyyən qədər mövcuddur. Deyim ki, təqribən 30 faizə yaxın insan Nikol Paşinyanı dəstəkləyir. Nəzərə almaq lazımdır ki, bu, kiçik bir ölkə olan Ermənistan üçün heç də kiçik rəqəm deyil”.

Elxan Şahinoğlu Qarabağ klanının reytinqinə də toxunub: “Ermənistan ictimaiyyəti arasında Robert Koçaryanla Serj Sarkisyanın heç bir böyük reytinqi yoxdur. Çünki onların reytinqi I Qarabağ Müharibəsinin üzərində qurulmuşdu. İndi biz onları darmadağın elədik və artıq onların heç bir qələbəsi yoxdur. Ona görə də bu qüvvələrin reytinqi yüksək deyil. Onlar Ermənistanda seçki yolu ilə xalqın səsini alaraq heç zaman hakimiyyət başına gələ bilməzlər. Onları dəstəkləyən kütlənin miqdarı ilə yalnız qarşıqlıq yaratmaq olar. Armen Sarkisyan isə Sarkisyan və Koçaryanla görüşməklə həm Paşinyandan məsafə saxladığını göstərməyə çalışır, həm də digər qüvvələrin səsini eşitməyə hazır olduğunu nümayiş etdirməyə cəhd göstərir”.

Coşqun Əli