Bu ailənin iki şəhidi var.

Unikal.org xəbər verir ki,  26 yaşlı Əfsanə Ələkbərovanın həm həyat yoldaşı, həm də yeganə qardaşı Vətən müharibəsində qəhrəmanlıqla şəhid olub.

Aprel döyüşlərində xüsusi xidmətinə görə təltif olunan Naiq kəşfiyyatçı olub, ermənilər onun haqqında qorxuyla danışırlarmış. Anası Çiçək xanım onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə, ondan hər şeyi gizlədirmiş. Özü kimi xüsusi təyinatlılarda xidmət edən, gizir qardaşı Nihatdan danışırmış tez-tez. Ən çox da onun şəhid olmağından ehtiyat edirmiş. Amma şəhidlik Naiqə qismət olub.

Naiqin qaynı, taqım komandiri İlkinin isə 31 yaşı olub, nişanlıymış. İlkinin anası oğluyla da, kürəkəniylə də fəxr etdiyini deyir.

10 dekabr qələbə paradında qəhrəman kəşfiyyatçı Naiqi və qəhrəman komandir İlkini Nihat Ələkbərov əvəz edəcək. Həm doğmalarının, həm də vətən uğrunda şəhid olan bütün oğulların əvəzində bu ailədən Nihat addımlayacaq Bakı küçələrində.