“Havaların soyuqlaşması ilə payız aylarında Covid-19-un ikinci dalğasının olacağı proqnozlaşdırılırdı. Təəssüf ki, proqnozlaşdırılan proses başlayıb”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Həkim-farmakoloq Müşfiq Hüseynov səsləndirib. O bildirib ki, bütün dünyada xəstələrin sayı sürətlə artır, Azərbaycan da zirvəyə irəliləyir: “Xəstə sayı kiçik ölkə üçün çox böyükdür. 4000 sayı gördük, 5000 olacağı belə istisna deyil. Əgər test yoxlaması kütləvi keçirilsə, əmin olun ki, bu say 10000 də olar, 15000 də. Minlərlə insan virusu simptomsuz keçirdir. Bir o qədər də insan yüngül simptomlarla evlərdə müalicə alır. Kütləvi artım səbəblərini artıq hər kəs bilir. Maskasız gəzmək, gigiyenik qaydalara əməl etməmək və sosial məsafənin təmin edilməməsi. Bura havaların soyuqlaşması ilə respirator xəstəliklərin mövsümi artımını da əlavə edin. Amma biz insanıq, ailəmiz, dostlarımız, müəyyən adətlərimiz, işimiz var. Bütün qaydalara tam əməl etmək mümkün deyil. Məsələn, metro bağlıdır, amma avtobusda heç kim sosial məsafə gözləmir. Bu mümkün də deyil. Bundan başqa, qələbə nümayişi günü insanların kütləvi şəkildə meydanlara axışması, son günlərdə şəhidlərimizin dəfnində baş verən kütləvilik səbəblərdən bəziləridir. Bunlar faktdır”.

Həkim onu da qeyd edib ki, artıq bütün qaydalara ciddi əməl edənlərin xəstələnməsi halları da var. Onun fikrincə, tam qorunmaq üçün hər şey bitənə kimi bunkerə girmək lazımdır, yəni, mümkün deyil: “İkincisi, qorunmaq ona görə lazımdır ki, orqanizmimiz virusu az dozada qəbul edib, yüngül simptomlarla keçirtsin. Hər kəs özünü qorumalıdır. Çünki, artıq başqa şans qalmayıb. Kütləvi yoluxma və virusun yayılmasının zirvəyə yaxınlaşması periodik haldır”.

M.Hüseynov məsləhətlərini də verib: “İlk növbədə, hər hansa simptomda, yəni oynaq ağrıları, halsızlıq, yüngül qızdırma başlayan anda həkimə müraciət etmək, ev şəraitində də olsa, özünü izolyasiya edib, müalicəyə başlamaq lazımdır. Qəti şəkildə panikaya düşmək və ya qorxmaq lazım deyil. Unutmamalıyıq ki, stress və həyəcan immunitetimizin bir nömrəli düşmənidir. Stabil yuxu və qidalanmağa xüsusi diqqət verilməlidir. Bir müddət zərərli vərdişlərdən - siqaret, energetik içkilər və süni meyvə şirələrindən uzaq durmaq, mövsüm meyvələri, göyərti və səbzəli yeməklərə üstünlük vermək, xüsusi ehtiyac və iş xaricində küçəyə çıxmamaq məsləhətdir. Bununla biz, müəyyən qədər özümüzü virus yükləməsindən qoruya bilərik. İstənilən halda, bizi Covid-dən ancaq peyvənd xilas edə bilər. İlk peyvəndlərin ölkəyə ən yaxşı halda fevral-mart aylarına gətirilə biləcəyini və bu sayın az olmasını nəzərə alsaq, başqa çarə qalmır. Amma özümüzü maksimum qoruyub, simptomsuz və ya yüngül formada keçirmək öz əlimizdədir”.

Hüseyn İsgəndərov