Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib.

Unikal.org-un məlumatına görə, 3 noyabrda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

Qeyd olunan dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur. Bundan başqa, 30 sentyabr və 19 oktyabr tarixlərində Komitə tərəfindən TƏBİB-in tabeliyində olan “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxsinə sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilib. Qeyd olunan ianə Komitənin nümayəndəsi Tərlan Ağayev tərəfindən Stansiyanın direktoru Mirələm Calalova təhvil verilib.

Bu ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.