Konstitusiya Məhkəməsi Plenumu İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edib.

Unikal.org xəbər verir ki, bu, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya işi ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Ancaq İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir.