Rəşadətli Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəsini davam etdirir. Artıq ordumuz kifayət qədər irəliləyərək qələbəni daha da yaxınlaşdırıb. Bir məqamı da  qeyd etmək lazımdır ki, müharibələrdə iqtisadiyyatın rolu da vacibdir. Bu müharibədə Ermənistanın Azərbaycanla təkbaşına mübarizə aparması mümkünsüzdür.

“Unikal” qəzetinə müsahibə verən Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Qənioğlu ilə də söhbətimiz savaşın iqtisadi itkiləri və qazancları barədə oldu.

-Teyyub bəy, artıq ordumuz ard-arda ciddi irəliləyişlərə nail olub. Öncə bu barədə  fikirlərinizi bilmək istərdik.

-Hansı qərarın nə vaxt verilməsinin məqsədəuyğunluğunu düzgün ölçüb-biçən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan işğala son qoyulması, Vətən Müharibəsinə başlanması üçün şanlı ordumuza hücum əmri verdi! Çoxdan, səbrsizliklə bu əmri gözləyən, xalqımızın, Ali Baş Komandanın hərtərəfli dəstəyinə arxalanan igid əskər və zabitlərimiz bu əmri şərəflə yerinə yetirməkdə, müqəddəs torpaqlarımızı qarış-qarış mənfur düşməndən azad etməkdədir. Vətən Müharibəsinin başlanmasından sonra görünür ki, hərb cəbhəsində şanlı ordumuz şəksiz üstünlüyə malikdir və torpaqlarımızın işğaldan təmamilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin ediləcəyi gün uzaqda deyildir.

-Vətən Müharibəsi başlayandan bəri siyasi qüvvələr də müxalifət-iqtidar demədən  vahid mövqedən çıxış edirlər. İctimai-siyasi arenada bu vahid mövqeyə gəlmək nə dərəcədə önəmli oldu?

-Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları həmişə açıq şəkildə bəyan etmişlər ki, söhbət ümummilli məsələlərdən, xalqımızın, dövlətimizin ümumi mənafelərinin qorunmasından gedirsə, iqtidar-müxalifət münasibətləri arxa plana keçməli, hamı bu mənafelər uğrunda sıx birləşməlidir. Ölkəmizdə faliyyət göstərən iqtidarlı-müxalifətli 50 siyasi partiya Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatı pisləyən birgə bəyanat qəbul edib. Mübaliğəsiz demək olar ki, müxalifət partiyalarının bu cür mövqe sərgiləməsi ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyin qorunmasında, xalqımızın və dövlətimizin bütün səylərinin Vətən Müharibəsinin qələbə ilə başa çatmasına yönəldilməsində əhəmiyyətli rol oynamış və oynamaqdadır. Mövqeyindən asılı olmayaraq iqtidarlı-müxalifətli bütün siyasi partiyalar bir daha nümayiş etdirdi ki,  bu dövlət bizimdir və onun mənafeyi hər şeydən üstündür.

-Beynəlxalq aləmin, iri dövlətlərin bu prosesə münasibəti barədə nə deyə bilərsiniz? Sizcə, ikili standartlara ara vermək zorunda qalıblar, yoxsa necə?

- Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu ikili standartların nəticəsidir ki,  BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan iri dövlətlərin mənfeyinə toxunduqda Təhlükəsizlik Şurasının qətnamələri dərhal yerinə yetirilir, amma onların mənafeyinə zidd olduqda illər boyu kağız üzərində qalır. Hər şeydən göründüyü kimi, qeyd edilən iri dövlətlər, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd olaraq, özlərinin mənfeyinə xidmət etdiyindən, 30 ildir Ermənistanın işğalçılıq hərəkətlərinə nəinki göz yumurlar, əksinə ona hərtərəfli yardım göstərməklə işğalı əbədiləşdirməyə sovq edirlər. Məhz ikili standartların nəticəsidir ki, Azərbaycan öz torpaqlarını BMT Nizamnaməsinə uyğun olaraq hərb yolu ilə azad etməyə başlayanda, yenə də, təcavüzkar Ermənistanı dəstəkləməyə, bütün vasitələrdən istifadə edərək şanlı ordumuzun hücumlarını dayandırmağa cəhd edirlər. Unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil, eləcə də, dünyada tək deyil, arxasında Türkiyə kimi əzəmətli qardaş ölkə var. Ona görə də, inanırıq ki, bu dəfə ikili standartlar təcavüzkar Ermənistanı haqlı məğlubiyyətdən qurtara bilməyəcək.

-Teyyub bəy, müharibə həm də ciddi iqtisadi xərc deməkdir. Bu savaşın tərəflər üçün iqtisadi xərclərini dəyərləndirsək, nə demək olar?

- Azərbaycan iqtisadiyyatı müharibə prosesində təbii olan itkilərini öz hesabına doldurmaq gücündədir. Ermənistan isə zəif, xarici yardımdan asılı olan, böhran vəziyyətinə düşmüş iqtisadiyyata malikdir. Ermənistanın apardığı işğalçılıq siyasətində həmişə xarici havadarlarının əvəzsiz yardımına arxalanmış, ordusunu Rusiyanın pulsuz verdiyi silahlarla silahlandırmışdır. 24 gün ərzində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin 2,4 milyard dollarlıq texnikasını sırada çıxarmışdır ki, bu da Ermənistanın illik büdcəsinə bərabər olmaqla, illik hərbi büdcəsindən dörd dəfə çoxdur! Ermənistan iqtisadiyyatı bu itkilərin yerini doldurmaq gücündə deyil. Ona görə də, regionumuzda formalaşmış güc balansını "nəzərə alan", ona açıq dəstək verməyə cəsarət etməyən xarici himayədarları, qaçaqmalçılıq yolu ilə ermənilərin itkilərinin yerini doldurmağa çalışırlar. Ancaq inanırıq ki, heç bir xarici dəstək dilənçi Ermənistanı labüd məğlubiyyətdən qurtara bilməyəcəkdir!

-Belə görünür ki, qısa müddətdə torpaqlarımız işğaldan azad olunacaq.Düşməndən təmizlənən ərazilər ölkə iqtisadiyyatına hansı töhfələr verə biləcək?

-Ərazimizin 20%-i uzun müddətdir ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində minlərlə təsərrüfat subyektimiz dağıdılıb, əmlakı qarət edilib. Bir milyona yaxın soydaşımız qaçqın və köçkün vəziyyətindədi. Onların məsgunlaşması, güzəranlarının təmin edilməsi üçün bu müddət ərzində büdcədən milyardlarla manat vəsait xərclənib. Əgər bu itiklər olmasa idi Azərbaycanımız daha sürətlə inkişaf edər, daha da güclü olardı. Məlumdur ki, düşmən işğalına məruz qalmış ərazilərimiz təbii sərvətlərlə, xüsusilə qızıl, gümüş, mis, mərmərləşmiş əhəng daşı, qalın meşələrlə və s. zəngindir. İşğaldan azad ediləndən sonra bu ərazilərimizdə mövcud olan təbii sərvətlərdən istifadə edilməsi Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsinə, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcəkdir. İndi əsas məsələ işğala son qoymaqdır və inanırıq ki, bu gün uzaqda deyil. Heç kəsin buna şübhəsi olmasın.