Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib.

MSN-dən Unikal.org-a verilən məlumata görə, döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Hazırda mütəxəssislərimiz Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.