Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Bununla yanaşı, Azərbaycan tərəfi siyasi və diplomatik mübarizəni də yüksək səviyyədə apararaq, qarşı tərəfin işğalçılıq  və terrora söykənən siyasətini ifşa edir. 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Unikal” qəzetinə müsahibəsində də bu istiqamətdə mühüm məqamlara toxunub.

-Sülhəddin bəy, Ordumuzun son 20 gündəki əks-hücum əməliyyatlarını və əldə edilən uğurları necə dəyərləndirirsiniz?

-Öncə obyektiv şəraiti dəyərləndirmək lazımdır. Düşmən Rusiyanın hərtərəfli dəstəyini alaraq 30 ilə yaxındır ki, işğal bölgəsində möhkəmlənmiş hərbi rayonlar qurub. Digər tərəfdən, relyefi nəzərə almaq lazımdır. Bilirsiniz ki, işğalda olan ərazilər dağlıq, dağətəyi bölgələri, strateji yüksəklikləri əhatə edir. Azərbaycan Ordusu dağlara doğru hərəkət etməli olur, həm də möhkəmləndirilmiş hərbi rayonlara hücum edir. Ümumiyyətlə, bilirsiniz ki, hücum etmək müdafiə olunmaqdan çox çətindir. Bütün bu faktorları nəzərə alsaq, Azərbaycan Ordusunun irəliləyişini yüksək qiymətləndirirəm. Azərbaycan Ordusu yüksək səviyyəli döyüş aparır. Həm strateji düşüncə, ağıl, həm təhcizat, hərbi texnika baxımından, eyni zamanda savaşın digər parametrləri baxımından ordumuzun fəaliyyətini  yüksək qiymətləndirməliyik. 

-Digər parametrlər deyəndə nəyi nəzərdə tutursunuz?

-Digər parametrlər deyəndə onu nəzərdə tuturam ki, indi savaşlar əsasən strateji xarakter alır. Yəni savaşlar çox tərəflidir. Bunun siyasi, diplomatik, iqtisadi, hərbi, eyni zamanda, kəşfiyyat, informasiya, psixoloji və sair tərəfləri var. Dərindən analiz etsək, görərik ki, Azərbaycan dövlət səviyyəsində strateji savaş aparır, özü də bunu yüksək səviyyədə həyata keçirir. Dediyim, bütün çətinlikləri nəzərə alsaq, Azərbaycan Ordusu bu günə qədər ciddi uğurlar əldə edib. Arzumuz odur ki, bu uğurlar qələbəyə qədər davam eləsin. 

-Ötən həftə Moskvada hər iki tərəfin xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirildi və nətəcədə birgə humanitar atəşkəs mahiyyətli bir bəyanat verildi. Həmin atəşkəsə əməl olunmasa da, bu, Rusiyanın prosesə ilk müdaxiləsi kimi dəyərləndirilə bilər.  Bu müdaxilə nə dərəcədə ziyanlıdır?

-Məlumdur ki, Moskva uyğun bir zamanda özünə uyğun formada proseslərə müdaxilə edəcəkdi. Təbii ki, baş verənlər, böyük geopolitik savaşdır. Burada üst səviyyəli – geopolitik, geostrateji, geoekonomik, geofiltral maraqlar var. Eyni zamanda, savaşın alt səviyyəli - siyasi, iqtisadi, hərbi və mədəni tərəfləri var. Mən, məsələnin bütün tərəflərinə toxunub oxucuları yormaq istəmirəm. Amma bəzi aktual məsələlərə toxunmaq istəyirəm. Onu deyim ki, Moskva bir addımla bir neçə məqsədə nail olmaq istəyir. 
Birincisi, Moskva konfliktin yenidən qızışması ilə qaz müharibəsi sahəsində gediş eləmək istədi. Burada söhbət TAP-ın istifadəyə verilməsindən gedir. Şimal Axını 2-yə sanksiyaların tətbiq olunduğu bir vaxtda Azərbaycanın uğurlu enerji siyasəti aparması və TANAP-ın davamı olan TAP-ın inşasını başa çatdırması Rusiyanı qıcıqlandırır. Bilirsiniz ki, bu TAP xətti ilə Azərbaycandan Avropaya ildə 10 milyon kub metr qaz ötürüləcəkdir. Yeri gəlmişkən, bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Xatırlayırsınızsa, 2016-cı ildə aprel döyüşləri başlamışdı. Bu, hansı ərəfəyə təsadüf edir? Bu, məhz TAP-ın tikintisinə başlanılma, təməlinin atılma ərəfəsində oldu. İndi isə TAP-ın istifadəyə verilmə ərəfəsidir. Tovuz təxribatı oldu, ardı ilə də müharibənin alovlanması baş verdi. Yəni, burada qaz müharibəsi gedir. Bundan əlavə, qarşıdakı ildə Rusiya “yaxın xaricdə” güclənmək istəyir, əks tərəfdə isə gərginliyin artmasını istəyir. Yəqin ki,  Belarusdakı hadisələri, Qırğızıstanda baş verənləri, Azərbaycandakı prosesləri izləyirsiniz. Bilirsiniz ki, bu ayın 30-da Gürcüstanda, noyabrın 1-də də Moldovada seçkilər var. Bir məsələni də xatırladım ki, Ukrayna 2020, yəni, Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesi bu ilin sonu başa çatır. Bundan əlavə, 2021-ci ildə Türkiyənin Qara dənizdə iki missiyanı yerinə yetirməsi gözlənilir. Sadaladıqca, proses daha da mürəkkəbləşəcək. Yəni, burada həm enerji, qaz bazarı uğrunda mübarizə var. İkincisi, geopolitik savaş gedir. Nəhayət, üçüncüsü burada siyasi maraqlar var. Kremlin düşüncəsinə görə, Qərbpərəst Paşinyan hakimiyyətini Azərbaycanın əli ilə cəzalandırmaq, sonra da uyğun bir vaxtda proseslərə müdaxilə edib sülhməramlı qüvvələr adı altında ordusunu Dağlıq Qarabağda yerləşdirsin. Ola bilsin ki, Rusiya Azərbaycanın bu qədər yüksək səviyyədə döyüş aparacağını gözləmirdi. Gördü ki, Azərbaycan belə davam eləsə, çox böyük uğurlar əldə edəcək. Bu uğurlar da Rusiyanın imicinə böyük zərbə vurur. 

-Hansı mənada zərbə vurur?

-Çünki Azərbaycan Silahlı Qüvvələrinə Türkiyə yardım edib. Heç kimə sirr deyil ki, Ermənistan Silahlı Qüvvələri də Rusiya tərəfindən hərtərəfli hazırlanıb təchiz olunub. Yəni, burada həm də iki sistemin mübarizəsi gedir. Döyüş meydanında rus texnikasının necə asanlıqla sıradan çıxarılması Rusiyaya hərbi-texniki, silah satışı baxımından da, çox böyük zərbə vurur. Ona görə də məcbur qalaraq, prosesə müdaxilə etmək qərarı verdi. Əgər Azərbaycan prosesi uğurlu aparıb, ard-arda qələbələr əldə etməsəydi, bəlkə də Rusiyanın müdaxiləsi gecikəcəkdi. Çünki Ermənistanda daxili siyasi böhran lazım olan həddə çatmayıb, hələ yeni başlayıb.   

-Maraqlı məqamlardan biri də odur ki, Rusiya prosesdə Türkiyənin hər hansı bir formada iştirakından narahatdır. Lavrovun son çıxışında bu məqamlar daha çox qabarıq görsəndi. Sizcə, Moskva Türkiyənin Azərbaycana dəstəyindən niyə bu qədər narahatdır?

-Ona görə ki, onlar görürlər ki ,Azərbaycanın hərbi-texniki, hərbi təhsil sahəsində Türkiyə ilə strateji tərəfdaşlığı bizi kifayət qədər gücləndirib. Türkiyə bu dəqiqə açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan edir. Müharibənin genişlənəcəyi, ikinci tərəfin qoşulacağı təqdirdə Azərbaycanın yanında olacağını bildirməkdən çəkinmir. Bu da Azərbaycanı cəsarətləndirir. Həm siyasi-mənəvi, həm mənəvi-psixoloji dəstək verir, eyni zamanda, cəmiyyətdə ruh yüksəkliyi yaradır. Rusiya düşünür ki, Türkiyə olmasaydı, Azərbaycana daha asanlıqla təzyiq edərdi. Moskvadan Azərbaycana əsas təzyiqlərdən biri o idi ki, sülhməramlı qüvvələr adı altında Rusiyanın silahlı qüvvələri bölgəyə yeridilsin. Azərbaycan tərəfi buna razı olmayıb. Heç şübhəsiz  burada Türkiyənin də təsiri var. Hazırda müharibə getdiyinə görə deyə bilmədiyim çoxlu faktorlar var. Rus kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir və onlar nəyin baş verdiyini çox gözəl görürlər. Ona görə də Türkiyədən qıcıqlanırlar. Hiss edirsinizsə, Türkiyənin hətta danışıqlar prosesindən kənarda qalmasına çalışırlar. Görürsünüz ki, sülhməramlı adı altında qüvvələrini bura soxa bilmədilər, indi də Rusiyanın hərbi müşahidəçiləri adı altında gəlmək istəyirlər. Bu barədə Şoyqunun da həm Ermənistan, həm Azərbaycanın müdafiə nazirləri ilə telefon danışığında da müzakirə olunub. Moskva görür ki, regiona sülhməramlı adı altında gələ bilmir, hərbi müşahidəçilər adı altında atəşkəsə nəzarət üçün gəlmək istəyir. 

-Bəs bu formatda gəlişin təhlükəsi nə qədərdir?

-Təbii ki, bu gəlişin təhlükəsi var. Burada təhlükəli məqam ondan ibarətdir ki, vasitəçilik Rusiyanın dövlət başçısı səviyyəsində edildiyinə görə, Putinin xarizması cızıldığına və atəşkəsin baş tutmadığına görə, Rusiyanın daha sərt addımlar ata biləcəyindən bir qədər qayğılanıram. Ona görə də Azərbaycanın Türkiyə və Pakistanla daha sıx kordinasiyalı işləməsinin tərəfdarıyam, intensiv siyasi və hərbi dialoqun baş tutmasını istəyirəm. Qarşı tərəf görməlidir ki, həqiqətən  Azərbaycan tək deyil. Yəni, Azərbaycan önləyici çəkindirici güc yığmalıdır. Rusiya da bu gücü görməlidir. Önləyici çəkindirici güc yığa bilməsək, üstümüzə gələcəklər.

-Həm ölkədəki durumu, həm geopolitik vəziyyəti analiz etdiniz. Ümumilikdə bütün detalları nəzərə alsaq, prosesin hansı istiqamətdə yekunlaşacağı ilə bağlı hansısa versiyalar irəli sürmək olarmı?

- Açığı konkret fikir söyləmək çox risklidir. Əgər Azərbaycan dövləti Türkiyə, Pakistan, İsrail və onun yəhudi lobbisinin gücündən istifadə edərək Amerikadan, İngiltərədən aldığı dəstəyi artıraraq davam edərsə, önləyici çəkindirici güc qazanar. Azərbaycan önləyici çəkindirici gücə çevrilərsə, Rusiya daha sərt addımlar atmaqdan çəkinər. Hazırda həlledici və strateji məqam olaraq, bunu vurğulamaq istəyirəm. Rusiyanın kobud müdaxiləsinin qarşısını ancaq belə almaq olar.

-Yəni, Ordumuzun qazandığı qələbəni bu yolla beynəlxalq güclərin dəstəyi ilə təsdiqləmiş olacağıq...

-Bəli. Azərbaycan Ordusunun qarşısında duran əsas operativ taktiki vəzifə düşmənin işğalçı ordusunun döyüş əzmini qırmaqdır. Siyasi cəhətdən isə əsas məsələ Ermənistanda siyasi böhranın dərinləşməsinə və onun sistem böhranına çevrilməsinə nail olmaqdır.   
Z.Məmmədli