Bu gün Türkiyənin İzmir şəhərində yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni yenidən raket atəşinə tutması, mülki şəxslərin, günahsız insanların və azyaşlıların həlak olmasına kəskin etiraz əlaməti olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, İzmirdə fəaliyyət göstərən “Can Azərbaycan Platforması” adı altında birləşən 50-yə yaxın qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbir Fransa Konsulluğunun qarşısında baş tutub.

Aksiyada “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk Qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.