2020-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 15 milyard 667,8 milyon ABŞ dolları təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ticarət dövriyyəsinin 8 milyard 977,3 milyon dollarını və ya 57,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 690,5 milyon dollarını (42,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2 milyard 286,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,8 faiz, real ifadədə 22,9 faiz, o cümlədən idxal 42,2 faiz, ixrac isə 8,9 faiz azalıb.

Həmçinin, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 105 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən isə məhsul idxal olunub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,7 faiz, real ifadədə isə 18,4 faiz azalıb. Qeyri neft-qaz məhsullarının ixrac həcmi 1 milyard 153,2 milyon dollar təşkil edib.