Etirazçılar tərəfindən ələ keçirilən Qırğızıstan parlamentinin binası səlahiyyətli strukturlara qaytarılıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti "RİA Novosti"yə bildirib.

Məlumata əsasən, prezident Sooronbay Jeenbekov bazar ertəsi Baş prokurorun birinci müavini Nurlan Dardanov və Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin birinci müavini Talantbek Salıyevi qəbul edib. 

“Baş prokurorun birinci müavini dünən, 11 oktyabr tarixində istintaq qruplarının Joqorku Keneşin (parlament - red.) inzibati binasına baxış keçirdiyini və onun səlahiyyətli orqanlara verildiyini bildirib”, - deyə mətbuat xidmətinin nümayəndəsi qeyd edib.

O həmçinin bildirib ki, Sooronbay Jeenbekov respublika paytaxtında ikinci dəfə fövqəladə vəziyyət elan edib. O da vurğulanıb ki, qərar parlamentin üç gün ərzində paytaxtda əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət məsələsini nəzərdən keçirməməsi səbəbindən qəbul edilib.

Xatırladaq ki, Qırğızıstan Prezidenti bundan əvvəl 9 oktyabr (saat 20.00)  - 21 oktyabr (saat 08.00) tarixləri arasında Bişkek ərazisində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman imzalamışdı.