Raket üzrə mütəxəssis Fabian Hinz Gəncə şəhərinə raket atılması ilə bağlı görüntüləri Almaniya nəşri "Bild"ə şərh edib.
“Hücum ballistik raketlərlə həyata keçirilib. Gəncə erməni reaktiv artilleriyasının sərhədləri daxilində yerləşir, ancaq zərər o qədər böyükdür ki, digər iriçaplı silahdan atəş açıldığı görünür”,- deyə ekspert bildirib.

Onun sözlərinə görə, şəhər cəbhə xəttindən təxminən 60 km-dən çox məsafədə yerləşir, kütləvi hücum çətin ki, təsadüfən olsun.

“Ballistik raketlər böyük dağıdıcı təsir göstərir, lakin çox vaxt qeyri-dəqiq və etibarsız olduğundan əhalinin sıx yerləşdiyi bölgələrdəki hərbi hədəflərə qarşı istifadəsi tamamilə qadağandır”.

Unikal.org xəbər verir ki, illərlə İranın raket proqramını araşdıran mütəxəssis hücum zamanı “Skad” və ya “Toçka -U” raketindən, yaxud Ermənistan arsenalında olan digər silahlardan istifadə edildiyini deyib.

“Ermənistan tərəfi Qarabağ ərazilərini itirir, lakin Azərbaycandakı strateji hədəflərə cavab zərbəsi vurmaq üçün hərbi hava qüvvələrinə sahibdir. Belə bir vəziyyətdə şəhərlərə və ya neft sənayesi kimi strateji hədəflərə ballistik raketlərlə hücum edərək qarşı tərəfə əlavə ziyan vurmaqda maraqlıdırlar”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.