Məlum olduğu kimi, Azərbaycanın bir sıra müxalif və iqtidaryönlü siyasi partiyaları birgə bəyanat yayaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağın erməni işğalından azad olunması üçün əmrə hazır olduqlarını vurğulayıblar. Lakin bu xüsusda daha bir qürurverici məqam qardaş Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların (Ədalət və Qalxınma Partiyası, Cumhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiyası) Azərbaycanın apardığı Vətən müharibəsinə birmənalı dəstəkləmələridir. 

Söz yox ki, bu məsələdə qardaş Türkiyənin göstərdiyi dəstək də sübut edir ki, "İki dövlət bir millət" şüarı altında birləşən qardaşlarımızın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Təbii ki, müharibə itkisiz olmur və bu gün torpaqlarımızın azadlığı uğrunda şücaətlə, qəhrəmancasına döyüşərək canlarını qurban verən əsgərlərimizə "ŞƏHİDİMİZ" deyə müraciət edən türk qardaşlarımız həmin yanaşmaları ilə azərbaycanlı qardaşlarının ürəklərində taxt qururlar. Qardaş ölkədəki siyasi partiyaların Azərbaycanın haqq işinə dəstək göstərmələri barədə bəyanatlar yaymaları bizlərin qələbəyə doğru atılan addımlarımızı sürətləndirir. Bu baxımdan, Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi qardaş həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. O cümlədən, ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin siyasi partiya, 500 dən artıq Qeyri Hökümət Təşkilatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” –fikrini sitat gətirərək beynəlxalq təşkilat və dövlətlərdən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanın təcavüzkarlığına göz yummaqda, Azətrbaycana qarşı isə tətbiq olunan ikili standartlarına son qoyulması tələbini bildirmişlər. Düşünürəm ki, bu hadisə Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.  Təssüf ki, Vətən müharibəsinə etinasız qalan ictimai – siyasi “qüvvələr” də oldu. Barmaqla sayılacaq o “qüvvələri” xalqımız və tarix bağışlamayacaqdır. Azərbaycan xalqı bu günlər qızıl hərflərlə canlı tarix yazır.

Bu tarix Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birləşmiş xalqın tarixidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində etnik tərkibin dəyişdirilməsinə yönəlib və bu, isə hərbi cinayət hesab olunur. Bu cinayətin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. Təcavüzkar, ektremist fəaliyyəti ilə yanaşı İşğal olunan ərazilərdə işğalçı dövlət tərəfindən məskunlaşma siyasətinin aparılması beynəlxalq hüquqa əsasən hərbi cinayətdir. İşğal olunan Azərbaycan torpaqlarında törədilən bütün hərbi cinayətlərə, o cümlədən ərazilərimizin etnik tərkibinin dəyişdirilməsinə görə məsuliyyətin daşıyıcısı Ermənistan dövlətidir. Beynəlxalq hüquq ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Bu cinayətin cəzasız qalması isə beynəlxal təşkilatların məsuliyyəti olacaqdır. Ölkəmizdə hərbi vəiyyətin elan olunmasından tutmuş, komendant saatının tətbiqinə, habelə sosial şəbəkələrin istifadəsində qoyulan məhdudiyyətlərə qədər verilən hər bir qərar qələbəyə köklənmiş mühüm addımdır.

Çünki müharibə şəraitində düşmən yalnız cəbhədə deyil, həm də sosial şəbəkələrdə, mediada da işini aparır. Əbəs deyil ki, bu gün dünyanın hərbi – siyasi leksikonunda “informasiya müharibəsi” adlandırılan amil də mövcuddur. Məhz bu vasitə ilə düşmən çalışır ki, sosial şəbəkələrdə, sayt və portallarda qarşı tərəfə yalan məlumatlar ötürsün, eləcə də xalq və ordu arasında ruh düşkünlüyü yaratsın. Amma gördüyümüz kimi, düşmən bu cəbhədə də uduzur və uduzması faktdır. Bizim yolumuz haqq yoludur. Qarabağ bizimdir, Qarabağ azərbaycandır!

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 

akademik Əhliman Əmiraslanov