“Ermənistan təxribatçı fəaliyyətini davam etdirir. Bununla bağlı Prezident İlham Əliyev BMT-nin iclasındakı çıxışında da bu məsələyə ciddi toxunmuşdu və dünya ictimaiyyətinin erməni təxribatlarının qarşısını almağa çağırmışdı. Həmin vaxt susqunluq yarandı. Ermənistan da bu fürsətdən istifadə edərə daha böyük təxribatlara əl atdı”.    

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. O bildirib ki, Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücum nəticəsində bir neçə yaşayış məntəqələrimiz erməni işğalından azad etdi:

“Bunu böyük qələbəmizin təməlinin qoyulması kimi də qiymətləndirmək olar. Dünən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində də, Təhlükəsizlik Şurasının iclasında da xalqı və Milli Ordumuzu ilkin qələbə münasibəti ilə təbrik etməsinin kökündə də daha böyük qələbəyə doğru əzmlə getməyimizdən xəbər verir. Eyni zamanda, ölkə Prezidentinin bu təbriki erməni tərəfə də bir mesaj idi ki, artıq bəsdir. Ən vacib məsələlərdən biri odur ki, ordumuzda da, xalqımızda da çox yüksək vətənpərvərlik ruhu var. 30 ildir gözlədiyimiz məqam gəlib çatıb. Bu məqamdan ordumuz da, xalqımız da məharətlə istifadə edir. Ön cəbhədə ordumuz, arxa cəbhədə hər bir Azərbaycan vətəndaşı əsgərə çevrilib. Hazırda milli həmrəylik, milli birlik nümayiş olunur, xalq da, ordu da Ali Baş Komandanın ətrafında birləşərək, əlindən gələni əsirgəmir. Hər bir azərbaycanlı Qarabağın azad olması üçün səfərbərdir. 27 sentyabr 2020-ci il tarixə qələbənin başlanğıcı kimi düşdü. İnanırıq ki, qısa müddətdə torpaqlarımız işğaldan azad olunacaq və yaxın vaxtlarda Azərbaycanın üçrəngli bayrağı hər bir yaşayış məntəqəmizdə dalğalanacaq”.    

Murad İbrahimli