Müğənni Murad Arifin Elşad Xose ilə yeni dueti hitə çevrildi. “Get iş tap, işlə” adlı mahnının klipində müğənni Murad Arif yeni saç imici, eləcə də klipin məhz Məhərrəm ayında yayımlanması müzakirələrə səbəb olub. Unikal.org-a açıqlamasında Murad Arif mahnının bir gecədə trend olmasından özünün də heyrətləndiyini deyib:

“Pozitiv rəylər olduqca çoxdur, hesab edirəm ki, mahnı lap yerinə düşüb. Əslində fevral-mart aylarında yazılıb-işlənilmiş bir layihə idi, sadəcə yayımlanması Məhərrəm adına düşdü və bu da insanların diqqətini cəlb etdi. Bir gün ərzində 30 000 baxışla mahnı trend oldu. Sözün ən yaxşı mənasında şokdayam. Super... Bizə əbəs yerə hitmeyker demirlər, bu o deməkdir ki, biz bu işi bacarırıq”. 

Klipin ideya və məzmununa gəlincə müğənni klipi belə dəyərləndirir:

“Həmin klipdə arzularını, öz fərqliliyini dəfn etmiş əsəbi bir müdir obrazı var. Kostyumda, qalstukda olmağı onun məişətidir, saç düzümü isə daxili aləmi. Görünən hər şey real həyat deyil, orada alleqorik məqamlar var. Bəzi şeylərə eyham var, yəni mətnaltı mənalar çoxdur. Belə ki, şirkətlər, böyük korporativlər bağlanır, çox böyük iqtisadi problemlər, durumlar yaranır, eyni zamanda ixtisarlar var və bütün bunlar gerçəkdir. Çünki köhnə işdən çıxmaq məcburiyyətindəsən, yaxud qovulursan. Bu mahnının  sözləri hazırkı dövrdə xalqın dilində və beynində dolaşan cümlədir: “Get iş tap, işlə”. Bilirik ki, pandemiya bütün dünya iqtisadiyyatını çökdürüb və bu hal Azərbaycana da aiddir”. 

Dürrə Həsənova