“Əməkdar artist Bəhram Bağırzadənin ECMO cihazı ilə müalicəsi davam edir. Bu günə qədər səhhətində mənfi dinamikanın olmaması, eləcə də laborator analizlərdə kiçik də olsa müsbət dəyişikliklərin olması ümidvericidir”.

Bunu Unikal.org-a Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, deputat Rəşad Mahmudov deyib.

O qeyd edib ki, dünya təcrübəsinə əsasən ağciyər zədələnməsi olan xəstənin müalicəsinin qısa müddətdə müsbət nəticə verməsi mümkün deyil: “Ən vacib məsələ tibbi cəhətdən digər orqanların funksiyalarının qorunması və ECMO cihazının fəaliyyətinin davam etdirilməsidir. Yəqin ki, bu müalicə üsulu uzun müddət davam edəcək”.

R.Mahmudov eyni zamanda B.Bağırzadəyə bu vəziyyətdə ağciyər köçürülməsi məsələsinin gündəmdə olmadığını bildirib: “Bu vəziyyətdə orqan köçürülməsindən söhbət gedə bilməz və bu dünyanın hər yerində belədir. Bu sırf xüsusi hallarda icra oluna bilər. Bəhram Bağırzadənin müalicəsi prosedurunda heç bir əksiklik yoxdur”.