Braziliyada koronavirusa yoluxanların sayı 330 890 nəfərə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, Latın Amerikası respublikası bu göstərici üzrə Rusiyanı (326 448) ötüb.

Ötən gün ərzində ölkədə COVID-19 analizlərinin müsbət nəticələrinin artımının növbəti rekordu qeydə alınıb - 20 803. Bununla yanaşı, koronavirusdan ölüm hallarının sayı 1 001 təşkil edib. Bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 21 048-ə yüksəlib.

Ölkədə infeksiyanın yayılmasının episentri San-Paulu ştatı və onun eyniadlı paytaxtıdır. Burada 21 milyondan çox insan yaşayır. Regionda yeni virusa 76,8 min yoluxma və 5,7 mindən çox ölüm qeydə alınıb.

COVID-19-a yoluxma hallarının sayı üzrə ikinci region Searadır. Burada 34 573 virus daşıyıcısı var. Searada 2 251 nəfər virusdan ölüb. Regionu 33 589 yoluxma ilə Rio-de-Janeyro izləyir. Burada 3 657 insan pandemiyanın qurbanı olub.

Daha əvvəl bildirilirdi ki, dünyada koronavirusa ən çox yoluxma halı ABŞ (1 577 287), Rusiya (326 448) və Braziliyada (310 087) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.