“Hesab edirəm ki, “evdə qal” kampaniyası ilə sosial təcridetmə ən doğru addımlardan biridir. Virusun qarşısını almaq, cəmiyyəti, insanları xilas etmək üçün ən optimal yollardan biri olduğunu nəzərə alıb bu kampaniyaya əməl etmək lazımdır”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O bildirib ki, karantin şərtləri bir qədər də sərtləşdirilməlidir:

“Çox təəssüf ki, insanlarımız hələ də məsuliyyətsiz davranırlar. İşləməyən insanlarla bağlı problemlər var. Amma dünən İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışından belə anladım ki, aprel ayının ilk günlərindən sosial paketlər həyata keçiriləcək. Eyni zamanda, dünən Prezidentin bir milyard yarım vəsait ayırması onun göstəricisidir ki, hökümət bu məsələlərə diqqət ayırır. Ona görə də “evdə qal” kampaniyasına hər kəs əməl etməlidir. Bütün vətəndaşları rəsmi qərarlara əməl etməyə çağırıram. Hər şey vətənimiz və insanlarımız üçün olmalıdır.

Bu gün iqtidar müxalifət düşərgəsinə bölünmək lazım deyil. Hamımız yumruq kimi bir olmalıyıq. Çünki bu hamımızın bəlasıdır. Bu virus hər bir insanımızın qapısını döyə bilər. Əvvəlcə insanımızı,  dövlətimizi bu bəladan qutaraq, sonra hər kəs öz mövqeyində qalsın. Böyük Vətən müharibəsində "Hər şey cəbhə üçün" olduğu kimi, bu gün də "Hər şey insanımız üçün" devizi ilə olmalıdır. Mövqeyindən asılı olmayaraq, hər kəs dövlətimiz və sağlam gələcəyimiz üçün bir olmalıdır”.

Famil Fərhadoğlu