Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.

Unikal.org-un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, erməni xalqı və erməni əsgəri Baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

“Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir”, - deyə Ş. Ramaldanov bildirib.

O həmçinin əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraitinin acınacaqlı olaraq qalır. Nizamnamədən kənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir: “Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər”.