Bu gün Bakıda Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı, “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” adlı beynəlxalq Forum keçirilir. Xarici, yerli ekspertlərin təqdimatı, QHT-lərin və dövlət qurumlarının iştirakı ilə keçirilən forum çox dinamik, maraqlı və interaktiv keçir.

Unikal.org xəbər verir ki, forumda qonaq qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə çıxış edərək bildirib ki, hazırda xalqımız üçün ənənəvi məşğuliyyət növlərindən biri olan ovçuluğa münasibətdə zidd fikirlər var.

Bir qrup ovçuluğu ənənəvi məşğuliyyət, digərləri isə qeyri-humanist məşğuliyyət adlandırır. ETSN həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır. Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir.

Tədbirdə çıxış edən bolqariyalı beynəlxalq ekspert Peter Yanakev öz ölkəsindəki ov təcrübəsindən danışıb.  O bildirib ki, təbiət öz-özünü tənzimləmə qabiliyyətinə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir.

Beynəlxalq ekspertin sözlərinə görə ovçular ov qanunvericiliyinin tələblərinə ciddi riayət etməli, əvvəlcə düşünməli, sonra atəş açmalıdır. Bolqariyada ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər keçirilir. Azərbaycanlı ovçulara məsləhət görürəm ki, ova qənimət kimi deyil, istirahət kimi baxsınlar. Ov bir elmdir, məsuliyyət və istirahətdir".

Forumda iştir edən almaniyalı mütəxəssis Hartmurd Müller isə qeyd edib ki, Azərbaycan təbiəti zəngin və rəngarəngdir. Burada işlədiyim 12 il ərzində müşahidə etdim ki, Azərbaycanda ov qaydalarına çox vaxt əməl olunmur. İnanıram ki, forumdan sonra bu kortəbiilik tez bir zamanda aradan qalxacaq və Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq. Bilirəm ki, azərbaycanlılar təbiəti çox sevirlər. Ümid edirəm ki, Azərbaycan ovçuları da qısa müddətdə özlərində dönüş yaradacaqlar.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov isə  çıxışında ov qaydalarına əməl olunmamasının bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb. 

İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Milli Elmlər

Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova çıxış edərək ölkəmizdəki ov fəaliyyətindən, məsuliyyətli ovun faydalarından danışıb, ovçuları təbiətə laqeyd mübasibət bəsləməməyə, qaydalara əməl etməyə səsləyiblər.

Qeyd edək ki, forum 3 sessiya olmaqla "Azərbaycanda ov fəaliyyəti", "Dünyada qabaqcıl ovçuluq təcrübəsi" və "Məsuliyyətli ov" istiqamətləri üzrə panel müzakirələrlə davam edir.