Lənkəran rayonunda Aqrar  Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov,  Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib. 

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb”.

Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır : “Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən digər sahələrdə olduğu kimi gənclərin aqrar sahəyə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar  Məşğulluğun Artırılması Layihəsinin məqsədi də gənclərin aqrar sahəyə marağını artırmaqdır. Bu layihə gənclərin öz arzusuna çatması üçün bir vasitədir. AMAL Akademiyası Qış Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır”. 

Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb. 

Qeyd olunub ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib və son 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb.Çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb. Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.