Azərbaycanda, bütövlükdə dünyada kənd təsərrüfatı və ərzaq sistemləri bu gün sektorun gələcəyinə təsir edən böyük dəyişikliklərlə üzləşir. 

Unikal.org xəbər verir ki, aqrobiznes şirkətləri və qloballaşdırılmış tədarük zəncirləri kənd təsərrüfatını dəyişdirərkən, iqlim dəyişikliyinin nəticəsi kimi yeni meyllər formalaşır, təbii ehtiyatlar bazası tükənir, qeyri-sabit bazar dinamikası, qloballaşan ticarət,  iqtisadiyyatın sürətli rəqəmsallaşdırılması təşəbbüsləri yeni risklər və imkanlar yaradır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçılarının ehtiyacları və maraqları dəyişir, qida və kənd təsərrüfatı istehsalında innovasiya proseslərinin tətbiqi tələb olunur. Belə şəraitdə aqrar məsləhət xidmətləri yeni yaranan çətinliklərin həllində ən yaxşı dəstəyi göstərmək və bu sahədəki imkanlardan faydalanmaq üçün yeni bir rol oynamaq potensialına malikdir. Aqrar xidmətlərinin əsas funksiyaları, alətləri, yanaşmaları, bu rolu yerinə yetirmək üçün hərtərəfli yenidən nəzərdən keçirilməli və yenidən qurulmalı və kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi üçün əsas sektorlardan biri kimi müəyyənləşdirilməlidir.

Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov deyib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir: “Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir. Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəməyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcəkdir. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti  olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”.