"Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək".

Unikal.org xəbər verir ki, prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Vüsal Kərimli:  Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.

Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.