Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik sistemində vacib əhəmiyyət daşıyan və mühüm rola malik olan bir tədbirdir. Bu konfransda qlobal təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Dövlətimizin başçısı fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, “OPEC+” formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşdü.

Unikal.org xəbər verir ki, bu fikirləri azərtac-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafikinin olduğunu bildirib. Qeyd edib ki, fevralın 14-də yerli vaxtla saat 7.30-da başlayan iş qrafiki axşam saat 20.00 radələrində başa çatıb. Həmin gün dövlətimizin başçısı 13-14 saatdan artıq vaxt müddətində işləməli oldu. Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirdi. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycana tərəfdaş ölkələrin – Qazaxıstan, Moldova və Əfqanıstanın prezidentləri ilə görüşdü və gündəlikdə duran ikitərəfli münasibətlər müzakirə edildi. Həmçinin Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşlər keçirildi. Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşdə soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistanın girovluğundan azad olunaraq Azərbaycana qaytarılması məsələsini xüsusilə qeyd etdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

Prezidentin köməkçisi Almaniyanın biznes ictimaiyyətinin ölkəmizdə aparılan hərtərəfli islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə böyük marağının olduğunu və bu nöqteyi-nəzərdən səmərəli və faydalı müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, keçirilən görüşlərdə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlar çox yüksək qiymətləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, həmçinin görüşlərdə Azərbaycanda 9 fevral parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi, xalqın iradəsini əks etdirməsi münasibətilə dövlətimizin başçına təbriklər çatdırıldı. Bundan başqa, müzakirələr əsnasında Azərbaycanın beynəlxalq münasibətlərdə, eləcə də enerji layihələrində etibarlı tərəfdaş olduğu vurğulandı və bu etibarlılığın qazanılmasında şəxsən Prezident İlham Əliyevin rolu xüsusi qeyd olundu.