121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi Mahir Abbaszadə yanvarın 28-də seçiciləri ilə növbəti görüşünü Bakı şəhəri Binəqədi rayonunda keçirib. 
Unikal.org
xəbər verir ki, YAP Binəqədi rayon təşkilatının binasında keçirilən görüşdə 200-ə yaxın Laçın rayon sakini qatılıb. Mahir Abbaszadə ona etimad göstərərək növbəti dəfə namizədliyini irəli sürdüyünə görə Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, təmsil etdiyi partiyaya təşəkkürünü bildirib.

O, qeyd edib ki, hakim partiya ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, partiyanın fəaliyyəti, qərarları ölkənin ümumi inkişafı ilə həmahəngdir.

Mahir Abbaszadə vurğulayıb ki, dövlət başçısı tərəfindən milli maraqlara söykənən, ölkənin iqtisadi və sosial inkişafını hədəfə alan uğurlu daxili və xarici siyasət həyata keçirilir. Mərkəzində Azərbaycan vətəndaşının dayandığı bu siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət problemlərinin həlli və maddi rifah halının yüksəldilməsinə xüsusi diqqət yetirirlər.

M. Abbaszadə qeyd edib ki, ötən deputatlıq fəaliyyəti dövründə dövlətə, xalqa və seçicilərinə ləyaqətlə xidmət etməyə, onların etimadını doğrultmağa çalışıb. Fevralın 9-da keçiriləcək parlament seçikilərində qalib gələcəyi təqdirdə hər zaman seçicilərinin maraq və təkliflərinin həyata keçirilməsinə, onların müraciətlərinin müsbət həllinə səy göstərəcəyi vurğulanıb. 

Daha sonra Mahir Abbaszadənin təbliğat-təşviqat kampaniyasının üzvləri və Laçın rayon sakinləri çıxış edib, onun bundan öncəki deputatlıq fəaliyyətini və gələn seçkilərdən gözləntilərini ifadə ediblər.