"Həmişə yanımızda olan deputatımıza yenə səs verəcəyik!”.  Bu fikirləri 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd olan akademik Əhliman Əmiraslanovun seçiciləri ilə görüşündə səslənib.

Unikal.org xəbər verir ki,  Əhliman Əmiraslanovun seçicilərlə keçirilən silsilə görüşlərindən növbəti görüş Kürdəmir rayonunun Sor-Sor kəndində baş tutub. Bu görüşdə  Sor-Sor kəndi ilə yanaşı qonşu Çöl-Ərəb kəndinin  sakinləri də  iştirak ediblər.

Görüş zamanı Əhliman Əmiraslanov  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs edib.

O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan söz açaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.

Ə.Əmiraslanov bildirib ki,  bu tədbirlərdən biri də vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə cənab Prezidentin rəhbərliyi altında son illərdə çox ciddi işlər görülmüşdür və icbari tibbi sığorta bu ildən bütün ölkə ərazisini əhatə edəcəkdir.

Sonra seçicilər çıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, bu illər ərzində Əhliman Əmiraslanov həmişə seçicilərinin dərdinə şərik olub. Mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, insanları narahat edən məsələlərin həllində onlara yaxından kömək göstərib. 

Görüşə toplaşanlar vurğulayıblar ki, Ə.Əmiraslanov dəfələrlə ağır xəstəliyi olan seçicilərin cərrahi əməliyyatını təşkil edib,  ehtiyacı olan ailələrə köməyini əsirgəməyib.

Görüşdə seçicilərin  mövqeyi eyni olub – onlar bir mənalı olaraq qarşıdan gələn parlament seçkilərində də öz deputatları Əhliman Əmiraslanova səs verəcəklərini deyərək ona uğurlar arzulayıblar.