Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədi Mahir Abbaszadə bu gün Qaradağ rayonu Qobu park yaşayış kompleksində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşüb.

Unikal.org xəbər verir ki, tədbirdə M. Abbaszadə ağır məhrumiyyətlər yaşamış məcburi köçkünlərə dövlət qayğısından danışıb. O, qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlar ardıcıl icra olunur.

Eyni zamanda, ölkə rəhbərliyinin çağırışı ilə artıq özəl sektor da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işinə qoşulub.

Tədbirdə çıxış edənlər Mahir Abbaszadənin millət vəkili kimi indiyədək göstərdiyi fəaliyyətə nəzər salıb, onun deputat kimi hər zaman əlçatan olduğunu vurğulayıblar.  Deyilənlərin əyani sübutu kimi namizədin Qobu Parkda məskunlaşmış Laçınlı ailələrin müraciətini cavabsız qoymaması və onlarla ayrıca görüş keçirməsi də göstərilib. 

Onun Laçın əhalisinin problemlərini hər zaman diqqətdə saxladığı, seçicilərin müraciətlərinə biganə qalmadığı bildirilib. M. Abbaszadənin həmçinin şəhid ailələri, müharibə veteranları və əlillərinin daim yanında olduğu, onların problemləri ilə fərdi şəkildə məşğul olduğu qeyd edilib. 

Mahir Abbaszadənin vəkilləri onun həm də ölkədə həyata keçirilən islahatların fəal təbliğatçısı olduğunu  da diqqətə çatdırıblar. 

Yeni seçiləcək parlamentdən və öz deputatlarından gözləntilərini ifadə edən laçınlı seçicilər fevralın 9-da keçiriləcək səsvermədə Mahir Abbaszadəyə qələbə arzu ediblər. 

Mahir Abbaszadə ona etimad göstərdiyi üçün Yeni Azərbaycan Partiyasına və hər bir seçicisinə təşəkkür edib. Qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə, səsləndirən təkliflərin həllinə, qeyd edilən problemlərin aradan qaldırılmasına çalışacağını bildirib.