Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin yanvar ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Sumqayıtda, nazirin birinci müavini Əli Abdullayev Xırdalanda vətəndaşlarla görüşüb.

Unikal.org xəbər verir ki, nazir Sumqayıt və Xızı, nazirin birinci müavini isə Abşeron sakinlərini qəbul edib.

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.