“Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib”.

Unikal.org-un xəbərinə görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib.

K.Əliyev bildirib ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olan 25, İqtisadiyyat Nazirliyindən daxil olan 21, Dövlət Gömrük Komitəsindən daxil olan 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb.