Boks üzrə milli komandanın rəisi Anar Məmmədov Unikal.org-a müsahibə verib:

- Boksun hazırki durumunu  və ilin yekunlarını necə dəyərləndirirsiniz?

- Hər şey necə gözlənilirdi elə də oldu. Salman Əlizadə ötən il Avropa çempionu olmuşdu. O çempion olan zaman ona ev verilməmişdi. Amma bu il ona ev verildi.

Bizdə əsas məqsəd Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Əsas gücümüzü lisenziya xarakterli yarışlara vermişik. Ümumilikdə hər şey normal keçib.

- Bəs qadın boksunda nəsə yenilik gözlənilir?

- Əslində qadın boksuna mən baxmıram. Amma onu bilirəm ki, qadın boksu bizdə zəif olduğu üçün 2-3 legioner gətirəcəyik. Lisenziya qazanmaq üçün bu lazımdır. Düzdür tərkibdə Azərbaycanlı qadın boksçular da var. 2-3 nəfərdirlər.  Əcnəbi idmançılar ya kuba ya da kolumbiyadan gətiriləcək.

- Kişilərdən ibarət 91 kq çəki dərəcəsinə əcnəbi boksçu gətirmisiniz..

- 91 kq üçün bəli idmançı gətirilib. Onu heç kim gətirməyib.  O yeni baş məşqçimiz Umbertonun şəxsi tələbəsidir.  Ona hazırda 1 nömrəli idmançı deyə bilmərik, yoxlanılacaq. Çünki bizim həmin çəki dərəcəsindı yerli idmançılarımız da var. Yoxlanılandan sonra, kim güclüdürsə o da yarıışa gedəcək.

Bizim öz idmançılarımızı biz uzaqlaşdırmamışıq. Özləri gediblər, idmanı atıblar.  

- Boks camiəsindən bəziləri sizdən şikayətçidir. Sizdən narazı qalmalarına səbəb nə ola bilər?

- Biz hamımız bir məqsəd üçün çalışırıq. Məqsədimiz qızıl medal qazanmaqdır. Deyirlər ki, 91 kq çəki dərəcəsinə əcnəbi idmançını Anar Məmmədov gətirib.  Mən o boksçunu 4-5 gün əvvəl iclasda görmüşəm. Mənim ondan xəbərim yox idi.

- Ümumiyyətlə bütün xarici idmançıların gətirilməsində sizin adınız hallanır.

- Mən kiməm ki, kimisə xaricdən gətirəm.  Onu federasiya rəhbərliyi razılıq verməsə, bu barədə danışmasa mənim nə əlaqəm var ki, gedib idmançı da gətirəm.

Lorenso Sotomayoru Pedro və Lazaro gətirmişdi. Daha sonra 81 kq çəki dərəcəsinə Alfonso Dominqes gətirildi. Onu da bizə göstərdilər. Biz  də onun döyüşlərinə baxdıq. Bizdə 81 kq zəif idi deyə Alfonsonu heyətə o çəki drəcəsinə gətirdik.  O da göz qabağındadır.  Avropa Oyunlarında 1 qızıl oldu, onu da Alfonso qazandı .

Mən sizə söz verirəm ki, Alfonso Yay Olimpiya Oyunlarında mütləq medal qazanacaq.

- Sizdən narazı olanlar, belə bir cümlə qururlar: "Anar Məmmədovun Boksla heç bir əlaqəsi yoxdur. Nə boksçu, nə də boks üzrə məşqçi olmayıb. Milli komandaya əcnəbi idmançıları Anar Məmmədov və Nağı Səfərov (ABF-nin baş katibi) gətirir".

- Nağı Səfərov boks federasiyasında məndən də öncə çalışıb. O həm də Taekvondo Federasiyasında baş katibdir.

O ki qaldı mənə, mən Kikboks üzrə dünya və Avropa Çempionatlarında dəfələrlə medal vermişəm.  Boksdan da yetəri qədər başım çıxır, səlahiyyətim də var. Çoxlarından da yaxşı bilirəm.  Bunları deyənlər hamısı boksdan uzaqdırlar. Onlara soruşun ki,  sizin şəxsi tələbəniz kimdir? Hansı nəticələri verib.  

Biz legionerləri gətirəndə demişik ki, gələnlər bizimkilərdən 1 baş üstün olacaqsa gəlsinlər. Bərabər olrsa başqa ölkənin idmançısını neyniri?!

- Bəs Lorenso, Alfonso və yeni kubalı idmançı sonuncu dəfə keçirilən Azərbaycan Çempionatına niyə çıxmadı?

- Bu millinin baş məşqçisinin göstərişi idi. Bunun da səbəbi var. Belə ki, əcnəbi idmançılar rinqə çıxıb döyüşəndə  narahatçılığa səbəb olur.  Yəni dəriləri qara olduğuna görə kənardan təhqir edirlər. Onsuz da çempion olanla əcnəbi idmançıları yoxlayırlar, “prikitka” verirlər. Kim güclüdürsə o gedir. Biz güclünü burada qoyub, zəifi apara bilmərik.

Rauf Rəhimovu çox tərifləyirdilər. Ona görə də, Alfonso ilə Rəhimova  "prikitka" verdilər. Təbii ki, Alfonso qalib oldu və Avropa oyunlarına o getdi.

Biz hansı çəkidə zəif görürük ora əcnəbi gətiririk.

- Milliyə gətirilən əcnəbilərdən Federasiya rəhbəri Kəmaləddin Heydərovun xəbəri olur?

- Hamısından Kəmaləddin müəllimin xəbəri olur.  Ondan xəbərsiz milliyə legioner dəvət etməyə, yarışa aparmağa  kimin səlahiyyəti çatar. Taekvondodan xəbəriniz var? Taekvondodan Rio Olimpiyadasında  nəticəni dağıstanlı Radik, iranlı Milad və qadınlarda Patimat verdi.

Boksdakı əcnəbi idmançıların dəriləri qaradır deyə tez gözə çarpırlar.  Ümumiyyətlə taekvondoda güclülülər iranlı idmançılardır, boksda da kubalılardır.  Bizə də rəhbərlik göstəriş verib ki, qızıl medal istəyirik. Biz də öz növbəmizdə əcnəbiləri dəvət edirik ki, yoxlayaq seçək.

Aygün İlqarqızı