Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Cəlilabadda açılıb.

Unikal.org xəbər verir ki, açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Cəlilabad rayon İcra Hakimiyətinin rəsmiləri, və digər qonaqlar iştirak ediblər.

Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Fond bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir: “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli ətlik və  südlük buğa toxumlarının satışı “TOXUMART” mağazaları vasitəsilə daha əlçatandır. Süni mayalandırma üzrə mütəxəssislər burada toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər”.

Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan kənd təsərrüfatının inkişaf etdiyi cənub regionunun mərkəzindədir. Beləliklə,mağazanın fəaliyyətə başlaması ilə fermerlərin toxum ehtiyacı və satış imkanları birbaşa tənzimlənəcək.