“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi aqrar sahədə həyata keçirilən ən böyük innovasiyalardan biridir. Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir. Artıq fermer istənilən aqrar xidməti mobil telefon, planşet və masaüstü kompüter vasitəsilə rahatlıqla sifariş edə biləcək. Bunun üçün fermerlərimiz Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Hazırda 350 mindən artıq fermer EKTİS-də qeydiyyatdan keçib. Noyabrın əvvəllərindən qeydiyyatdan keçmiş fermerlərin yeni sistemdə payızlıq əkinləri bəyan etmə mərhələsi başlayıb. Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz şəxsi kabinetlərinə daxil olaraq öz sahələrində hansı məhsulu əkdiklərini bəyan etməlidir. 2020-ci ildən aqrar subsidiyalar bu bəyanlar əsasında veriləcək”. 

Unikal.org xəbər verir kli, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bölgələrdə EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesinə həsr olunmuş görüşlərdə deyib. Nazirliyin EKTİS-in tətbiqinə məsul şəxslərinin rayonlarda maarifləndirmə sessiyaları keçirdiyini bildirən nazir müavini qeyd edib ki, qısa müddət ərzində 20 rayonda icra hakimiyyəti strukturlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin və fermerlərin iştirakı ilə belə görüşlər baş tutub: “Görüşlərdə fermerlərə yeni sistemin üstünlükləri bir daha izah olunur. Sevindirici haldır ki, fermerlərimiz EKTİS-in onlara verdikləri əlavə üstünlükləri müsbət dəyərləndirir, həm qeydiyyat, həm də payızlıq əkinlərin bəyan edilməsi prosesində aktiv iştirak edirlər. Biz onları bu aktivliyi artırmağa, pazıylıq əkinlərin bəyan prosesini başa çatdırmağa çağırırıq. Qeydiyyat və bəyan prosesində hər hansı texniki problemlərlə üzləşdikləri halda fermerlərimiz Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Eyni zamanda istər Dövlət Aqrar İnkişaf Mərkəzlərində, istərsə ASAN xidmət” mərkəzlərində EKTİS-in tətbiqi ilə əlaqədar xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq informasiya-məsləhət xidməti ala bilərlər”.

Görüşlərdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının əməkdaşları, DAİM-lərin rəhbərləri, yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, bələdiyyə sədrləri EKTİS-in tətbiqi ilə bağlı mövcud vəziyyətə dair fikirlərini bölüşüblər.