Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçirilir.

Unikal.org xəbər verir ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionları əhatə edir.

Bu gün təkcə Bakı şəhərinin qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması məqsədilə 1000-dən çox eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir vəsair ağacı əkilir. 

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.

Kampaniya çərçivəsində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, bu xeyirxah təşəbbüsə hamının səfərbər olması çox qürurvericidir:

"Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə ağacların əkilməsinə başlanılıb. Bu gün burada 1000-ə yaxın insan ağacəkmədə iştirak edir".

Qeyd edək ki, Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Müxbir: Aygün İlqarqızı

Foto: Müzəffər İsmayılov